23 ნოემბერი, შაბათი, 2024

İlin təhsil hadisələri

spot_img

Ötən ilin son günü mühüm qərarla başa çatdı. Uzun sürən gözləntidən sonra, 31 dekabr 2022-ci il tarixində ictimai məktəb direktorluğuna namizədlər üçün keçiriləcək sınaq imtahanının tarixi və müddəti müəyyənləşdirildi. Sınaq imtahanının elektron formada 2023-cü ilin yanvarın 22-də bir sessiyada keçirilməsi qərara alındı. 2020-ci ilin 3-17 fevral tarixindən və 24 oktyabr – 16 dekabr 2022-ci il tarixlərində qeydiyyatdan keçmiş və qeydiyyatın ləğvi və qeydiyyat üçün ödənilmiş pulun qaytarılması barədə müraciət etməyən şəxslərə sınaq imtahanında iştirak etmək imkanı verildi. Ölkə miqyasında 49 imtahan mərkəzi fəaliyyət göstərirdi. Direktorluq üçün 3205 namizəd sınaq imtahanı üçün qeydiyyatdan keçdi, yerində isə 1839 ərizəçi idi. Direktorluq vəzifəsinə namizədlər sınaq imtahanından müvəffəqiyyətlə keçdikləri halda, növbəti attestasiya mərhələsinə, yəni artıq sınaqdan keçmiş namizədlər üçün nisbətən maraqlı olan müsahibə mərhələsinə keçirdilər, çünki onlardan bəzilərinə məhz müsahibədə imtina edilmişdi və nəhayət, onlar sertifikatlı direktor namizədləri oldular. Sertifikatlaşdırmanın birinci pilləsini – sınaqdan uğurla keçən, xüsusən də sınaq imtahanı üçün müəyyən edilmiş minimum səriştə həddini keçən (maksimum balın 60%-i) direktor vəzifəsinə namizədlər müsahibəyə keçid imkanı əldə etdilər. Ərizəçilərin 76%-i belə oldu.

Nazirlik, qrafikə uyğun olaraq, martın 20-dən ictimai məktəblərin direktor vəzifəsinə namizədlərin müsahibə mərhələsinə başladı və bu da bir neçə ay davam etdi.

Elə həmin gün, martın 20-də Gürcüstanın baş naziri yeni təhsil və elm naziri Qiorqi Amilaxvarini ictimaiyyətə təqdim etdi.

Təqdimat zamanı Qiorqi Amilaxvari bildirib ki, həmin gündən etibarən komandası ilə birlikdə “təhsil və elm sistemində iştirak edən bütün insanlarla – uşaqlar, onların valideynləri, əməkdar və dəyərli müəllimlərlə, məktəb rəhbərliyinin nümayəndələri, professorlar, alimlər və əlbəttə ki, gənclər və tələbələrlə fəal ünsiyyətə başlayacaq. Biz onlarla bütün mövcud problemləri müzakirə edəcəyik və alınan əks əlaqəyə əsasən, bu çağırışlara cavab vermək üçün tez və dərhal qərarlar qəbul edəcəyik”.

Nazirin təyinatı nazirlikdə irimiqyaslı kadr dəyişikliyinə səbəb olmayıb. Martın 28-də Qiorqi Amilaxvari Qela Qeladzeni müavin vəzifəsinə təyin edib.

Elə birinci gün elan olunmuş müəllimlərlə görüşlərdən öncə, nazir Qiorqi Amilaxvarinin qərarı ilə, nazirin rəhbərlik etdiyi ümumi təhsilin inkişafı istiqamətində işçi qrupu yaradılıb.  Filologiya elmləri doktoru və müəllim Qiya Murğuliya isə vasitəçilik edib. 150 nəfərlik müəllim qrupu ilə ilk işçi görüşü aprelin 21-də baş tutub. Müəllimlərlə aktiv ünsiyyətin başlanması nazirin ilk konkret qərarı ilə müşayiət olunub – müəllimlər üçün praktiki qiymətləndirmə vasitələri ilə bağlı – portfolioların təqdim edilməsi üçün son tarix iyunun 1-dək uzadıldı, portfolioların yüklənməsi və təqdim edilməsi prosesi müəyyən dərəcədə sadələşdirildi, xüsusilə də:

♦ Müəllimin praktiki fəaliyyətinin yazılı refleksiya öhdəliyi ləğv edildi. Müəllim öz fəaliyyətinin təqdimatını şifahi olaraq, müsahibə zamanı ixtisaslı qiymətləndirmə qrupu qarşısında təqdim edir. Təbii ki, şifahi müsahibə zamanı müəllim qiymətləndirmə qrupu ilə bu və ya digər fəaliyyətin həyata keçirilməsinin nə dərəcədə vacib olduğunu, bu fəaliyyətin təlim prosesi ilə nə ilə bağlı olduğunu müzakirə etmək və müvafiq əks əlaqə almaq imkanı əldə edəcək.

♦ Hər bir istiqamət üzrə bütün səlahiyyətlərin təsdiqləndirilməsini təqdim etmək öhdəliyi ləğv edildi. Müəllimin porftolioya istiqamətlərin yalnız bir səriştəyə uyğun sübutları yükləmək və müsahibə prosesi zamanı qiymətləndirmə qrupu ilə bu sübutların həqiqiliyini, onun Milli Tədris Planının tətbiqi və təlim-tədris keyfiyyətinin artırılması ilə əlaqəsini müzakirə etmək imkanı var.

Mayın 23-də nazir müəllimlərin peşəkar inkişafı istiqamətində daha bir qərar qəbul etdi – xüsusi komissiyanın fəaliyyəti müvəqqəti olaraq dayandırıldı ki, bu da müəllimlərə imtahan vermədən, komissiya qaydası ilə statusun verilməsi imkanını verir. Eləcə də, nazir aparıcı və mentor müəllim olmaq istəyənlər üçün ixtisas imtahanını müvəqqəti dayandırdı və imtahanın ləğv olunmadığını və 2024-cü ildə keçiriləcəyini açıqladı.

Nazirliyin təşəbbüsü ilə iyun ayında daha bir dəyişiklik həyata keçirildi – Gürcüstan hökumətinin 23 may 2019-cu il tarixli “Müəllimlərin peşəkar inkişafı və karyera irəliləyişi sxeminin təsdiq edilməsi haqqında” 241 nömrəli qərarına əlavələr edildi və buna əsasən də, qeyri-gürcüdilli şöbə müəllimləri 2025-2026-cı tədris ilinin sonuna qədər təcrübəçi müəllim statusunu saxlayacaqlar və onlara bir neçə dəfə öz səriştələrini təsdiqləmək imkanı veriləcək. Nazirlik qeyri-gürcüdilli şöbə müəllimlərinə söz verdi ki, həm fənn biliklərinin dərinləşdirilməsi, həm də gürcü dili üzrə bilik səviyyəsinin yüksəldilməsi istiqamətində hazırlıq kursları təşkil edəcək.

2023-cü ildə təhsil sistemində davam edən proseslər arasında ən səs-küylü hadisə direktorların seçkiləri olub.Təhsil və Elm Nazirliyinin 8 iyun 2023-cü il tarixli əmrinə əsasən, 593 namizədə ictimai məktəb direktoru olmaq hüququ verilib. Ümumilikdə, 927 məktəbdə seçkilər keçirilib və onların əksəriyyətində Nazirlik müraciət edənlərin sayına baxmayaraq, yalnız bir namizəd təqdim edib. Bu qərar direktorluğa namizədlərin, eləcə də məktəblərin, təhsil ictimaiyyətinin narazılığına səbəb olub.

Qeyd etmək lazımdır ki, müsahibə nəticələrinə əsasən, yazılı sertifikat imtahanından keçən direktor vəzifəsinə namizəd 162 nəfər məktəbdən kənarda qalıb. Onlardan 26-sı məhkəmədə mübahisəni davam etdirərək, müsahibə nəticələrinin etibarsız hesab edilməsini və yenidən ədalətli şəraitdə keçirilməsini tələb edib. Bu günə olan məlumata əsasən, 1200-ə yaxın ictimai məktəbdə direktorun funksiyasını həyata keçirən icraçılar var.

Dekabrın 4-də iki müəllim – Maya Ekaladze və Davit Peradze Nazirliyin qarşısında etiraz aksiyası keçirib. Maya Ekaladze etirazın ifrat tədbirinə – aclıq aksiyasına əl atıb. Təhsil naziri aksiya iştirakçıları ilə görüşsə də, bu, aksiyanı dayandırmaq üçün kifayət etməyib, çünki görüşü tərk edən müəllimlər aksiyanı davam etdirərək, bunun “görüş üçün görüş olduğunu” deyiblər. Elə həmin gün hökumətin iclası başa çatdıqdan sonra, Qiorqi Amilaxvari deyib ki, “əgər konkret şəxslər hüquqlarının pozulduğunu düşünürlərsə, bunun üçün məhkəmə var. İstənilən demokratik dövlətdə belə olur. Biz məktəblərin muxtariyyətinin artırılması ilə bağlı işə başlayanlar sırasında birinciyik, buna görə də onların bu cəhətdən arqumentləri qəbuledilməzdir”. Etiraz davam edir.

Təhsil və elm nazirinin təşəbbüsü ilə 27 oktyabr – Yakob Qoqebaşvilinin doğum günü – Milli Müəllimlər Günü elan edilib və cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə, əməkdar müəllimlərə milli mükafat təyin edilib. Onlar xüsusi hazırlanmış döş nişanı və 10 000 lari məbləğində pul mükafatı ilə təltif ediliblər.  Bu il 11 müəllim ilk mükafata layiq görülüb.

İlin hadisəsi isə, müəllimlər üçün yeni əmək haqqı düsturunun tətbiqi oldu. Nazir iyulun 1-dən müəllimlərin maaşlarının misilsiz artımını elan edib – tam ştatlı müəllimlərin maaşı, orta hesabla 500 lari və ya daha çox artacaq ki, bu da bir il ərzində orta əmək haqqının təxminən 35%-lik artımı deməkdir.

Bu il dəyişiklik birinci sinif şagirdlərinin yaş həddinə də təsir etdi və “Ümumi təhsil haqqında qanuna” iki dəyişiklik edilib. Dəyişikliyə əsasən, noyabrın 1-ə qədər 6 yaşı tamam olmuş uşaqlar yazda elan edilmiş 1-ci sinfə qəbul üçün qeydiyyatdan keçə biliblər. Payızda həyata keçirilən digər dəyişikliyə görə isə, dekabrın 1-ə qədər 6 yaşı tamam olan uşaqlar qeydiyyatdan keçə biləcəklər.

Qiorqi Amilaxvari sentyabrın 20-də özəl ümumtəhsil müəssisələri üçün hazırlanmış yeni qərarlar, yanaşmalar və mexanizmləri özəl məktəblərin direktorlarına və assosiasiyaların nümayəndələrinə təqdim etdi ki, bundan dərhal sonra milli tədris planında mühüm dəyişikliklər baş verdi. Nazirlikdən verilən məlumata görə, yenilənmiş sənəd ictimai və özəl məktəblərə daha çox muxtariyyət verilməsini nəzərdə tutur. Dəyişikliklər təlim və tədrisin planlaşdırılması və idarə edilməsi ilə bağlı bütün komponentlərə toxundu, həm təlim-tədris prinsipləri, məqsədləri və məzmun prioritetlərinə, eləcə də tədris metodları, qiymətləndirmə və təlim prosesinin təşkilinə. Nəticədə “təlim-tədrisin hər bir komponenti ümumi təhsil müəssisələrinə daha çox dəstək göstərməyə və məktəblərin təlim prosesini yaradıcı şəkildə və şagirdin maraqlarını nəzərə alaraq planlaşdırmaq üçün daha çox imkanlar yaratmağa yönəlmişdir”.

Dəyişikliklər siyahısında müəyyənləşdirici qiymətləndirmə komponentlərinin (sinif, ev, ümumiləşdirici) və modellərinin ləğvi məktəb ictimaiyyətinin xüsusi diqqətini çəkib və müzakirə predmetinə çevrilib. İndi məktəblər özləri orijinal müəyyənləşdirici qiymətləndirmə və prinsiplər sistemi yarada bilərlər ki, buna əsasən də məktəb sistemində yazılan qiymətlər Milli Tədris Planı ilə müəyyən edilmiş 10 ballıq sistemə konvertasiya ediləcək; eləcə də, özəl məktəblərə nəinki sinifdən-sinfə, eləcə də pilləni keçmək üçün həddin tətbiqinə icazə verildi. O cümlədən şagirdlərin ehtiyac və maraqlarını, habelə məktəbin kadr və maliyyə imkanlarını nəzərə almaqla, müvafiq əsaslandırma ilə saat torunu məktəb özü müəyyən edir. Milli Tədris Planında verilən saat toru yalnız tövsiyə xarakteri daşıyır; MTP-da artıq fənn kafedralarının və sinif rəhbərlərinin funksiyaları təsvir edilmir. Məktəb icmasının üzvlərinin hansı funksiyaları yerinə yetirəcəyinə və məktəbin strukturunun necə olacağına məktəblər özləri qərar verə bilərlər. Dəyişikliyə əsasən, özəl məktəblərə dərs prosesində qrif verilməmiş, razılaşdırılmış dərsliklərdən istifadə etməyə icazə veriləcək və onlar sinif rəhbərinin forma və funksiyalarını özləri müəyyən etmək hüququna malik olacaqlar – sinif rəhbəri qurumunun olması öhdəliyi ləğv ediləcək.

2023-cü ildə Gürcüstanın ümumtəhsil məktəblərində avtorizasiya prosesinə fəal şəkildə başlanılıb. Prosesin məqsədi həm özəl, həm də ictimai məktəblərin fəaliyyətinin lazımi şəraitə uyğunluğunu müəyyən etməkdir, ki həm təhlükəsizlik mühiti, eləcə də dərs prosesinin keyfiyyəti təmin edilsin. Məktəblərin avtorizasiya prosesi 2027-ci ilə qədər başa çatdırılmalı idi, lakin noyabrın 13-də məlum oldu ki, Nazirlik avtorizasiya müddətini uzatmağı planlaşdırır və ictimai məktəblərin mərhələli avtorizasiya müddəti 2030-cu ilin əvvəlinə kimi müəyyən ediləcək. 2026-2027-ci tədris ilinin başlanğıcı əvəzinə 2030-2031-ci tədris ili olacaq. Ümumilikdə, 2086 ictimai məktəbi avtorizasiya prosesinə cəlb edilməli idi ki, bu da hər il təxminən 600 ictimai məktəbin avtorizasiyaya hazır olduqlarını bildirirdi. Təşəbbüs edilən dəyişiklikdən sonra “proses plan üzrə davam edəcək və hər il 200-dən 300-dək məktəbin avtorizasiya prosesinə cəlb edilməsi nəzərdə tutulur”, – qanun layihəsinin izahatında qeyd olunur.

2023-cü il tələbələr üçün kifayət qədər mühüm qərarlarla daxil olacaq – 2023-2024-cü tədris ilinin payız semestrindən təqaüdçülərin sayı və dövlət təqaüdünün məbləği iki dəfə artıb. Yenilənmiş proqram çərçivəsində tədris ilinin 10 ayı ərzində, oktyabr ayından iyul ayına kimi dövlət ali təhsil müəssisələrinin nailiyyətli tələbələri hər ay 150 lari əvəzinə 300 lari təqaüd alacaqlar.

Tələbə sayına gəlincə, indiyədək orta hesabla 2500 tələbəyə təqaüd verilirdisə, yeni tədris ilindən nailiyyətli 5000 tələbə artırılmış təqaüd alacaq. Universitetin özü artıq təqaüdçülərin seçim meyarlarını müəyyən etməyəcəyi və ali təhsil müəssisələri Gürcüstanın Təhsil və Elm Nazirinin əmri ilə təsdiq edilmiş təqaüdçülərin seçimində ümumi meyarları rəhbər tutacaqları da yenilik oldu. Sentyabrın 15-də bu qərarın ardınca baş nazirin maliyyə borcu səbəbindən statusu dayandırılan tələbələrin mövcud borcunun silinməsi ilə bağlı ikinci qərarı gəldi və bu qərarın arxasında kifayət qədər təəssüratlı miqdar və məbləğ, – təxminən 30 000 Gürcüstan vətəndaşı olan tələbə adlandırıldı, ümumilikdə, 40 milyon lariyə qədər borc silindi. İki universitet istisna olmaqla, Gürcüstanın bütün ali təhsil müəssisələri təşəbbüsə qoşuldu.

Nazirlik tərəfindən noyabr ayında məktəblərin iaşə obyektlərinə dair tələbləri müəyyən edildi və sahə üzrə nazirliklərin, maraqlı təşkilatların və valideynlərin fəal iştirakı ilə “Ümumi təhsil müəssisələrində iaşə obyektlərinin fəaliyyəti üçün müəyyən edilmiş minimum tələblər” təsdiq edildi. Sənəddə sağlam qidalanma vərdişlərinə dair tövsiyələr – qadağan olunmuş hazır qida məhsulları və inqrediyentləri, habelə məktəb iaşə işçilərinin şəxsi gigiyena tələbləri və s. təsvir edilir.

Yanvarın 1-dən Təhsil və Elm Nazirliyi artıq yeni adla fəaliyyətini davam etdirəcək. Gələn ildən nazirliyə yeni istiqamət – Gənclər Agentliyi əlavə olunacaq və qurumun adı Təhsil, Elm və Gənclər Nazirliyi olacaq.

Bununla belə, Təhsil və Elm Nazirliyi dekabrın ortalarında müəllimlərin maaşlarının artırılması ilə bağlı yeni baxışları və islahatları təqdim etməyi planlaşdırır. Ehtimal ki, ilin sonunda başqa dəyişikliklərin də şahidi ola bilərik ki, bu barədə ətraflı məlumatı internet səhifəmizdə təqdim edəcəyik.

მკითხველთა კლუბი

ბლოგი

კულტურა

უმაღლესი განათლება

პროფესიული განათლება

მსგავსი სიახლეები